2026-cı ilin iyun ayında Əməkdar rəssam və müstəqil kurator Sabina Şıxlinskaya tərəfindən təsis edilmiş Atəş Hub yaradıcılıq platformasının fəaliyyətinin ilk ili uğurla başa çatdı.
Bu bir il ərzində Atəş Hub müasir incəsənət və mədəniyyət sahəsində uğurlu layihələr həyata keçirdi, çoxsaylı sərgilər təşkil etdi, dəyərli tərəfdaşlıqlar qurdu və daim inkişaf edən yaradıcı birliyin formalaşmasına töhfə verdi. Bu gün artıq 50-dən çox istedadlı gənc rəssam və incəsənət nümayəndəsi Atəş Hub ailəsinin üzvü olmaqdan qürur duyur.
Bu müddət ərzində platformamız üçün ən böyük mənəvi dayaqlardan biri Heydər Əliyev Fondunun vitse-prezidenti, hörmətli Leyla xanım Əliyevanın müasir incəsənətə və gənc yaradıcı nəslə göstərdiyi davamlı diqqət və dəstək olmuşdur. Onun Atəş Hub-ın fəaliyyətinə göstərdiyi etimad və qayğı bizim üçün hər zaman böyük stimul və məsuliyyət mənbəyidir.
Bu gün xüsusi məmnunluq hissi ilə paylaşmaq istərdik ki, Leyla xanım Əliyevanın dəyərli dəstəyi sayəsində Atəş Hub-ın iki gənc rəssamı - Ramil Əliev və Cavid Həsənli - bu ildən etibarən Amerika Birləşmiş Ştatları və Kanadanın nüfuzlu ali təhsil müəssisələrində incəsənət üzrə təhsillərinə başlayırlar.
İstedadlı gənclərin inkişafına şərait yaratmaq, onların yaradıcılıq potensialını doğru ünvanlara təqdim etmək və yeni imkanlara qovuşmasına töhfə vermək Atəş Hub-ın əsas missiyalarından biridir. Bu sevindirici hadisə də həmin missiyanın ən dəyərli nəticələrindən biri oldu.
Leyla xanım Əliyevaya Azərbaycan gəncliyinə, incəsənətə və mədəniyyətə göstərdiyi yüksək diqqət və qayğıya görə səmimi minnətdarlığımızı bildiririk. İnanırıq ki, bu dəstək yeni nəsil Azərbaycan rəssamlarının beynəlxalq uğurlarına ilham verməyə davam edəcək.