“EŞQ-İ-NUR””

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək Nəsimi Festivalının ən önəmli layihələrindən biri “Atəş Hub”ın təşəbbüsü ilə ərsəyə gələn “Eşq-i Nur” sərgisidir. Əməkdar rəssam və kurator Sabina Şıxlinskayanın mentorluğu, həmçinin çağdaş Azərbaycan rəssamları və kuratorlarının iştirakı ilə hazırlanmış bu layihə, milli memarlığımızın nadir incilərindən olan Şirvanşahlar Sarayında təqdim olunacaq. Sərgi, Nəsiminin poeziyasını və fəlsəfəsini çağdaş incəsənətin çoxqatlı ifadə imkanları vasitəsilə yeni estetik müstəvilərə daşımağı hədəfləyir.
Ziyarətçilər burada sözün sehrini, işığın metafizik simvolikasını, ağrının dərinliyini və insan kamilliyinin ali mənəvi qatlarını özündə birləşdirən əsərlərlə qarşılaşacaq, beləliklə Nəsimi irsinin çağdaş bədii praktikalarla qurduğu mənəvi və estetik dialoqun şahidi olacaqlar.