Biz – Sənət alovunun övladları, varlığımızı elan edirik! İçimizdə yanan yaradıcılıq alovundan yarandıq və Atəş Hub-ı yaratdıq. İndi isə bu atəşin işığını sizə yönəldirik.
Üzümüzü səmaya çevirdik. İncəsənət kosmosunda hər biri yaradıcılıq tarixinin fərqli səhifəsi olan ulduzların ardınca yüksəldik. Bu ucsuz-bucaqsız boşluğa hər birimiz bir nəfəslə töhvə verdik, öz günəş sistemimizi yaratdıq. Öz günəşimizin atəşini bizə yol göstərməsi üçün yandırırıq. Estetik- intellektual idealogiyamız olan günəşimiz, konseptual düşüncədir. Məqsədimiz bu düşüncəni istər ənənəvi, istər yeni olsun, istənilən incəsənət formasına tətbiq etmək, hər zaman göz qarşısında olanları daha əvvəl görülməmiş tərəfdən və görülməmiş formatda göstərməkdir. Yaratdığımız “günəş sistemi”nin strukturu adət edilmiş incəsənət qrupları formatından çox uzaqdır. Yenilikçi, iç-içə keçmiş çoxmərkəzli halqalardan ibarətdir və azad hərəkət prinsipinə əsaslanır. Bu prinsip əsasında, Azərbaycanda müasir incəsənəti növbəti yox, tamamiylə yeni mərhələyə daşıyırıq.
Çevrəmizdə ləng hərəkət edən və hər daim cari dünya incəsənət axınlarını bir neçə il geridən izləyən düşüncə formasını və bunu qəbullanmağı rədd edirik. Köhnəlmiş, özəyi çürüməyə başlamış strukturları yamamaqdansa tamamiylə dağıdıb çağdaş zamanın şərtləri əsasında yenidən qururuq. Həm də Zeitgeist-ın bu coğrafiyadakı vizyonunu müəyyənləşdiririk. Bunu edərkən milli kimliyimizin əsas xarakterini qorumaq, bu günə qədər inkişaf edərək gəlib çatmış təməllərisaxlayaraq, onları ifrat doqmalardan arındırmaq əsas məqsədlərimizdən biridir. Çünki hər bir fərdin bənzərsiz olması kimi, qloballaşan və get-gedə monoxromlaşan dünyada fərdlərdən ibarət Atəş Hub-ın da bənzərsizliyinin özəyində milli kimliyinin dayandığını bilirik. Bu inancımızı Atəşgahdan istinad alaraq öz adımızda təcəssüm etdiririk.
Atəş Hub - biz kuratorlarıq, art menecerlərik, sənətçilərik. Birlikdə yaratmaq üçün yox, sadəcə yaratmaq üçün toplaşdıq. Fərqli təbiətlərə sahib planetlər kimi vahid günəş ətrafında səyahət edirik. Bir-birimizin cazibəsinə qapılır, bir-birimizdən qüvvət və təkan alırıq. Bir-birimizin trayektoriyasını dəyişdiririk. Bəzən də yolumuz kəsişənlərlə bir müddət birlikdə irəliləyirik. Biz, ruhlarını, vahid günəşin atəşində yandıraraq arındıranlarıq və ruhumuzun içimizdə alovlandırdığı yaradıcılıq atəşi ətrafında nitqlər söyləyirik.
Nitqlərimizdə həqiqi olanı, həqiqəti xatırladırıq. Yaradıcılıqda ideyanı ucaldırıq. Konsepsiyası olmayan materialist gözəllik instinktiv həzzə xidmət edir. Ancaq insana insan olduğunu xatırlaqmaq gərəkdir. Ən ali həzz düşüncə yolu ilə əldə ediləndir və bu aydınlanmanın həzzidir. Biz, incəsənətdə düşüncənin estetikasını ucaldırıq. Sonsuz incəsənət kosmosunda səyahət edən bizlər – planetlər, hər yerdə ideyanı axtarırıq. Nəzərlərimizi işğal edən hər cisim, hər varlıq bir də arxasında görünməyəni gizlədir. Bunun fərqindəyik və heç vaxt sadəcə görünənlə kifayətlənmirik. Bütün kainat oxunmaq üçündür. Ancaq o zaman həqiqətən görürük. Öz duyğu orqanlarımızın sərhədlərini aşırıq. Səsləri müşahidə edir, obyektləri dinləyirik, hərəkət edən zamanda bir anı dondurur və ya donmuş kimi görünən bir səthdəki zaman axınını müşahidə edirik. Mikro ölçüdəki makro aləmi kəşf edirik. Biz Platonun idealar dünyasında Joseph Kosuth`un stulunu görürük və gördüklərimizi göstəririk.
Düşüncənin atəşinə toxunmaqdan qorxmayın. Günəşin ətrafında birlikdə dövrə vurun. Atəşin daim yanmasına düşünərək, sual verərək, etiraz edərək və yaradaraq töhfə verin. “Sorğu-sual edilməmiş həyat yaşanmağa dəyməz” (Sokrat). Elə isə əvvəlcə şübhə duyun. Ancaq daha sonra bizimlə həmfikir olsaz, səsimizə səs verin. Çünki Atəş Hub-ın məqsədləri aydındır:
Mövcud ləng, ağır hərəkət edən sənət mühitini və onu zorla yaşatmağa çalışan konservativ düşüncə formasını dağıtmaq.
İzm-lərə yox, ideyalara, konsepsiyaya üstünlük verən, eyni zamanda vizual estetikanı tamamiylə rədd etməyən yeni, açıq fikirli, dinamik platforma yaratmaq.
Hər növ incəsənət istiqamətinə öz tərkibində yer vermək və müxtəlif yaradıcı sənətlərin bir-biri ilə dialoquna münbit şərait yaratmaq.
Ənənəvi incəsənət qrupu anlayışını dəyişərək bəzən fərdlərin, bəzən tərkibi tez-tez dəyişən kiçik qrupların, bəzən də hər ikisinin ön plana çıxdığı yaradıcı zehinlərin topluluğunu qurmaq.
“Günəş sistemimiz” incəsənət kosmosunda səyahətinə davam edir. O, canlıdır. Ətrafında dövr edən planetlərin, peyklərin, kosmik obyektlərin artıb azalması ilə dəyişir və yenilənir, sanki nəfəs alır. Onun bu səyahətində çatacağı nöqtə sonsuzluq üfüqünün arxasındadır. Yeganə ilham mənbəyi öz varlığıdır. Çünki o bizik. Yaranırıq, düşünürük və yaradırıq. Biz Atəş Hub-ıq.
Mətnin strukturu
Mətnin dili poetik, xüsusiylə başlanğıcı teatraldır. Manifesin təbiətinə uyğun olaraq bəzi bölümlərdə iddialı və aqressivdir (3-cü və 5-ci paraqraflar). İlk iki paraqraf ümumi giriş və bütöv mətndə ötürülmək istənən ideyanın (Atəş Hub-ın idealogiyası, məqsədi, fəaliyyət strukturu) xülasəsidir. Növbəti paraqraflarda həmin başlıqlar ətraflı izah edilir. Müvafiq olaraq, nəyə etiraz edildiyi, nəyin dəyişdirilmək istənildiyi, bizim kim olduğumuz, hansı yaradıcı-fəlsəfi vizyonu bölüşdüyümüz və konkret məqsədlərimiz (siyahı olaraq) qeyd olunmuşdur.
Mətn poetik dil və metaforik sistem üzərində inşa olunub. Olduğu məkanda sıxışıb qalmaqdan xilas olan və incəsənət kosmosunda ideya axtarışına çıxan yaradıcı insanların qurduğu süni “günəş sistemi”ndən bəhs edir. Atəş Hub-ın əsas yaradıcı idealogiyası olan konseptualizm günəşlə simvollaşdırılıb. Ətrafında dönən planetlər hər biri fərqli yaradıcı dəsti xəttə, düşüncə formasına, dünya görüşünə sahib sənətçilərdir. Ümumilikdə günəş və planetlərdən ibarət olan sistem, Atəş Hub-ın əməkdaşlıq trayektoriyasını göstərir.
Platon, Joseph Kosuth və Sokrat-a edilən istinadlar sadəcə ad çəkmək üçün yox, mətndə işləyən fəlsəfi dayaqlar kimi çıxış edir. Lokal kimliklə yenilikçi qlobal mövqenin balansı qorunmuşdur. Mədəni tarixin yaratdığı milli kimliyin əhəmiyyəti vurğulanmışdır. İnstitusional tənqid aydın-açıq, bəlkə də riski sayılacaq dərəcədə aqressiv üslubda yazılmışdır.
Son paraqrafda Atəş Hub-ın struktur və tərkibi ilə bağlı gələcək yönümlü vizyonu bölüşülmüşdür. Topluluğu meydana gətirən sənətçilərin gələcəkdə dəyişə biləcəyi, say olaraq çoxalacağı və ya azalacağı, bu formada Atəş Hub-ın daim yaşayan orqanizm kimi inkişaf edəcəyi vurğulanmışdır.
Cavid Həsənli / 30.01.2026
Atəş Hub manifesti









