Ağrı və Arzu

Bu sərgi ağrı ilə həzzin, travma ilə arzunun qarşılıqlı münasibətlərini araşdıraraq bədəni həm fərdi əzabın səssiz şahidi, həm də kollektiv yaddaşın daşıyıcısı kimi təqdim edir. Bu ikili prizma vasitəsilə sərgi çoxqatlı bir məkan açır- burada bədən təcrübəsi həm vizual, həm də duyusal səviyyədə dərk olunur.
Bu kontekstdə bədən təkcə fiziki varlıq deyil; o, yaddaşın, travmanın və emosional təcrübələrin daşıyıcısına çevrilir. Ziqmund Freydin travma nəzəriyyəsi bu çərçivədə xüsusi əhəmiyyət kəsb edir. Freydə görə, sarsıdıcı təcrübələr heç vaxt tamamilə silinmir; onlar şüurun dərin qatlarında gizlənərək bədən reaksiyaları və ya vizual formalar vasitəsilə yenidən üzə çıxır. Bu mənada bədən keçmiş ağrıların səssiz, lakin intensiv şahidi kimi çıxış edir.
Bu ideyadan irəli gələrək, Juliya Kristevanın “iğrənc” (abject) bədən konsepsiyası bədənin sosial və mədəni çərçivələr daxilində necə qəbul edildiyini sorğulayır. Freydin “gizlənmiş ağrı” anlayışı Kristevada “rədd edilmiş forma”ya çevrilir. Normativ estetikaya sığmayan, deformasiyaya uğramış fiqurlar, pozulmuş konturlar və donmuş hərəkətlər bu sərgidə estetik provokasiyanın vasitəsinə çevrilir. Bu vizual narahatlıq həm uzaqlaşdırıcı, həm də tanıdıcı təsir yaradaraq gizli həqiqətləri üzə çıxarır.
Narahatlıqdan doğan bu boşluq arzunun formalaşdığı məkan kimi çıxış edir. Jak Lakanın nəzəri çərçivəsində bədən artıq ağrının sərhədlərini aşaraq arzunun, erotik enerjinin və duyusal harmoniyanın daşıyıcısına çevrilir. Bununla belə, Lakanın fikrincə, arzu heç vaxt tam doymur; o, həmişə əlçatmaz obyektə yönəlir və bu prosesdə bədən həm istəklərin, həm də onların mümkünsüzlüyünün simvoluna çevrilir. Bu mənada bədən həm parçalanmış mənliyin, həm də daima axtarılan bütövlüyün vizual ifadəsini daşıyır.
“Ağrı və Arzu” sərgisi bədəni çoxqatlı nəzəri perspektivlərdən təhlil edərək ağrı ilə həzzin, travma ilə arzunun estetik dialoqunu qurur və tamaşaçıya duyusal, intellektual və çoxqatlı bir məkan təcrübəsi təqdim edir.

Şahnaz Ağayevanın təsvirlərində qadın bədəni boğulmuş arzuların qayıdışı kimi təqdim olunur. Onun fiqurları bu intim arzuların vizual izlərinə çevrilir.
Rəssam Rəşad Babayev ağrını mənəvi transformasiyanın mənbəyi kimi təqdim edir. O, ağrını müqəddəsləşdirərək fövqəl həzzin estetik məkanına yüksəldir.
Fotoqraf Eltac Zeynalov isə deformasiya olunmuş bədənlərin ağrısını ön plana çəkərək həyatın sərt izlərini vurğulayır.
Sərgi sadəcə ekspozisiya deyil, həm də bədənin susdurulmuş yaddaşını dinləməyə çağırışdır.

16 sentyabr tarixində FluxusSpace məkanında “Ağrı və Arzu” sərgisinin finisajı keçirildi. Tədbir çərçivəsində rəssam Rəşad Babayevin qısa metrajlı filmlərinin nümayişi baş tutdu, ardınca isə sərgidə iştirak edən sənətçilərlə onların yaradıcılığı və sərgidə təqdim olunan əsərlər ətrafında müzakirə aparıldı.
Finisaj proqramı çərçivəsində “Sərnişin”, “61 Qram”, “Çao”, “İtkin” filmləri təqdim olundu.

Lokasiya: Fluxsus Space, Bakı, AZ
Tarix: 16.09 - 18.09.2025
Kurator: Mәnsurә Mәmmәdәliyeva
Mentor: Sabina Şixlinskaya
Sәnәt Meneceri: Aqnessa Tariverdiyeva

İştirakçılar

Şahnaz Ağayeva
Eltac Zeynalov
Rəşad Babayevin

  • Ekspozisiya
  • Video
  • Fotoreportaj