Nәsimi Festival
Location: Shirvanshahs' Palace, Icheri Shahar, Baku, AZ
Date: 25.09 - 25.10.2025
Curator: Bakhtiyar Ali, Mansura Mammadaliyeva
Art Manager: Agnessa Tariverdiyeva
Mentor: Sabina Shikhlinskaya
Aytən AbdullayevaFidan AbilovaEllada AgayevaRamil AlievNargiz AsgerovaJala AzizAygun BakhshiHüseyn CelilCavid HasanliFidan HümbatliAylin alakberliEmin MathersNazrin MemmadovaRamil MammadliFidan Nazim qiziLeyla QuliyevaZaur QahramanovZarifa RamazanovaLenay Seideli-zadeDarya Seferova
Ziyarətçilər burada sözün sehrini, işığın metafizik simvolikasını, ağrının dərinliyini və insan kamilliyinin ali mənəvi qatlarını özündə birləşdirən əsərlərlə qarşılaşacaq, beləliklə Nəsimi irsinin çağdaş bədii praktikalarla qurduğu mənəvi və estetik dialoqun şahidi olacaqlar.
Ağrının Metafizikası -
Mənsurə Məmmədəliyeva
Tarix boyu insan ağrını həyatın qaçınılmaz və dağıdıcı tərəfi kimi qəbul etmişdir. Müasir dövrdə isə ağrı, xüsusilə də psixoloji və emosional ağrı, tibbi və sosial diskursda “problemin həlli tələb edən disfunksiya” kimi dəyərləndirilir. Bununla belə, mistik və poetik düşüncə sistemləri bu yanaşmanı kökündən fərqli şəkildə şərh edir. Onlar ağrını sadəcə aradan qaldırılması gərəkən bir hal kimi deyil, insan varlığının formalaşması və ruhun transformasiyası üçün zəruri katalizator kimi təqdim edirlər. Bu yanaşma ağrını romantikləşdirmədən, onun mənalandırılma potensialını ortaya çıxarır.
Bu layihə, İmadəddin Nəsiminin poetikasından ilhamlanaraq, ağrını məhv edən yox, insanı kamilləşdirən, onu daha dərindən öz varlığı ilə qarşılaşdıran bir proses kimi araşdırır. Nəsimi üçün ağrı sadəcə sınaq deyil, insanın öz varlığı ilə birləşdiyi transformativ bir məqamdır.
İmadəddin Nəsimi öz poetikasında belə deyir:
“Saha, səndən hər nə gəlsə cana xoşdur, yaxşıdır,
Cavidani-eşq üçün canana xoşdur, yaxşıdır.
Hər nə cövr etsən mənə, Səndən könül xoşnud olar,
Haqq bilir kim, inciməz, farmana xoşdur, yaxşıdır.”
Bu misralarda ağrı və iztirab təbiətcə dağıdıcı deyil, çünki Tanrıdan gəldiyi üçün ilahi planın bir hissəsi kimi qəbul edilir. Nəsimi üçün əzab insanı təsadüfi şəkildə əzməz, əksinə, onu öz həqiqətinə yaxınlaşdıran bir prosesdir. Klassik sufi fəlsəfəsində bu baxış “riza” (razılıq) və “təslimiyyət” halı kimi tanınır: insan yaşadığı hər şeyi dərin mənəvi razılıqla qəbul edir. Bu razılıq passiv itaət deyil, varlıqla fəal harmoniyadır.
Nəsimi poetikasında bu transformasiya prosesi təbiətdə baş verən bir fenomenlə analoji şəkildə izah oluna bilər: almaz və kömürün eyni elementdən – karbondan yaranması. Kömür və almaz kimyəvi olaraq eyni olsa da, almaz yerin 140–200 km dərinliyində, 1000–1200°C temperaturda və 50.000–100.000 atmosfer təzyiq altında formalaşır. Yalnız bu şiddətli şərait karbon atomlarını mükəmməl kristal quruluşa salır və şəffaf, sərt, parlaq almaza çevirir.
Əgər karbon bu şəraitə məruz qalmazsa, sadəcə kömür olaraq qalır: formalaşmamış, nizamsız və sönük. Bu təbii prosesi insan ruhunun təkamülü ilə paralel görə bilərik:
• Kömür - nəfsin qaranlığı, formalaşmamış şəxsiyyət;
• Təzyiq və zaman - həyatın çətinlikləri, mənəvi sınaqlar;
• Almaz -saflaşmış, kamil insan, ruhun işıqlı halı.
Nəsimi üçün insan da belədir: öz qaranlığından və daxili xaosundan keçmədən ruhani işığa, şəffaflığa çata bilməz. Hər bir çətinlik və ağrı — insan varlığını formalaşdıran daxili bir təzyiqdir.
Bu konsepsiya yalnız klassik Şərq mistikasına deyil, Qərb fəlsəfi təcrübəsinə də paralel qurulur.
Fridrix Nitsşe: Ağrıdan Üstinsana
Nitsşeyə görə insan təbiətcə zəif və qorxaqdır. Yalnız həyatın zərbələri, ağrıları ilə üz-üzə qalanda öz sərhədlərini aşmaq imkanı əldə edir. Ağrı ona ya sınmaq, ya da özünü aşmaq imkanı verir. Bu prosesin nəticəsi Nitsşenin “Üstinsan” (Übermensch) anlayışıdır: öz mənasını özü yaradan, həyatın ağrılarından yeni bir mənəvi güc çıxaran insan.
Nitsşedə də üç mərhələ müşahidə edilir:
• Kömür halı: Qorxu və vərdiş içində yaşayan insan.
• Təzyiq mərhələsi: Çətinliklər və daxili böhran.
• Almaz halı: İnsanın özünü aşaraq daxili azadlığa çatması.
Viktor Frankl: Məna vasitəsilə Ağrı ilə Üzləşmək
Avstriyalı psixiatr Viktor Frankl (logoterapiyanın banisi) isə insan həyatının əsas hərəkətverici qüvvəsini məna axtarışı kimi təsvir edir. Frankl deyir ki, insan əzabdan qaça bilməz, amma ona münasibətini seçə bilər. Əzablı vəziyyətlərdə insan yaşama davam edə bilər, əgər həmin ağrıda bir məna tapırsa.
Nəsimi və Frankl fərqli kontekstlərdə eyni mənanı vurğulayır:
• Nəsimi üçün bu məna ilahi həqiqətlə birləşməkdir.
• Frankl üçün isə insanın şəxsiyyətinin tamlığını qorumaq və həyatın mənasını tapmaqdır.
Bu konsepsiya əzabı mütləq faydalı və ya zəruri hal kimi təqdim etmir, əksinə, biz ağrının özündə deyil, onunla qarşılaşma və ona münasibət qurma strategiyasında insani təkamül imkanlarını axtarırıq. Bu yanaşma əzabın romantikləşdirilməsi də deyil, onun mənalandırılmasıdır. Burada vurğu iztirabın özündə yox, insanın ona verdiyi cavabda, onunla qurduğu mənəvi dialoqdadır. Layihə insanı öz kömür halını tanımağa, oradan almaza doğru bir təkamül başlamağa çağırır. Ağrı son deyil — transformasiyanın qapısıdır.
Lux Amoris -
(Amor: latınca Müqəddəs Eşq deməkdir, Lux: latınca Nur deməkdir)
Bakhtiyar Ali
Bu sərgi, insan varlığının ən dərin qatlarını əks etdirən anlayışlardan üç ideya: eşq, işıq və işarə ətrafında qurulmuş metafizik səfərdir. Eşq burada yalnız romantik və ya emosional bir hal deyil, əksinə, mövcudluğun əsasında duran bir mənəvi çağırış, ilahi cazibə kimi anlaşılır. Eşq, insanla kainat arasında vasitəsiz bir əlaqə yaradır; ruhun öz mənbəyinə qayıtmaq ehtiyacını ifadə edir. Sərgi, məhz bu dönüşüm ehtiyacını, insanın içində alışan və onu sonsuzluğa doğru çəkən bir eşq alovunu muasir düşüncə və poetik dillə xatırladır.
Eşqin bu ali halı həm metaforik, həm də metafizik mənada zamanla işığa dönür. İşıq, irfanın, həqiqətin, sezginin və ruhi aydınlanmanın simvoluna çevrilir. Bu nur, yalnız kənardan gələn bir parıltı deyil, içimizdə yanan və bizi özümüzə qaytaran bir varlıq halıdır. İşıq, varlığın pərdələrini aralayaraq, gizliləri görünənə çevirir və eşqin ruhda yaratdığı titrəyişin zahiri təcəssümüdür. Bu mənada, işıq həm görünənin, həm də görünməyənin daşıyıcısıdır.
Bu təzahür prosesi son olaraq işarələrə, kainatın gizli dili olan simvollara çevrilir. İşarə burada təsadüfi bir nişanə deyil, dərk edilməyi gözləyən bir məna qatıdır. Hər bir işarə, bizi daha dərin bir mənanın astanasına gətirir və ruhun yaddaşına toxunur. Sərgi bu üç anlayışı vahid bir metafizik sistem kimi yanaşı qoyaraq, iştirakçını varlığın səssiz dilinə qulaq asmağa dəvət edir. Bu, görünməyənin izlərini oxuyan, işığın rəngləri ilə danışan və ruhun coğrafiyasında səyahət edən vizual bir səyahətdir.